Oktyabrın 30-da Milli Məclisdə “İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik, operativ baza” mövzusunda konfrans keçirildi.

30.10.2018

Konfransı giriş sözü ilə açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışdı. Bildirildi ki, son illər parlamentdə  həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılmışdır. Qeyd  olundu ki, bu tədbir beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri genişləndirmək, insan alverinə və miqrantların qaçaqçılığına qarşı çoxsaylı problemlərə kompleks və inteqrasiya olunmuş çoxsahəli yanaşmaları təşviq etmək məqsədi ilə keçirilir. 


Toplantıda çıxış edən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri  Bahar Muradova bildirdi ki, konfrans çərçivəsində sözügedən mövzuda istər Azərbaycanda, istər regionda, istərsə də bütün dünyada mövcud vəziyyət, mövcud çətinliklər, əməkdaşlığa və tərəfdaşlığa əsaslanan fəaliyyətin müsbət nəticələri barədə fikir mübadiləsi aparılacaq, perspektivlərlə bağlı faydalı istiqamətlər müəyyənləşdiriləcək. 


Vitse-spiker vurğuladı ki, bu gün Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, siyasi, iqtisadi, humanitar əlaqələrin intensivləşməsi baxımından müstəqil siyasətə görə seçilən bir ölkədir. Ölkəmiz  insan alverinə və qaçaqmalçılığa qarşı mübarizəni daha da gücləndirmək üçün BMT-nin müvafiq konvensiyasına qoşulub. Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi dost  ölkələr  və beynəlxalq  təşkilatlarla çoxtərəfli və daha ciddi əməkdaşlığa sövq edir. Müasir inkişaf səviyyəsində insanlarin digər qrup insanlar və ya dairələr tərəfindən alver hədəfinə, qurbana çevrilməsi, alçaldıcı rəftara məruz qalması,  dilənçiliyə, itaətkarlığa məcbur edilməsi  yolverilməzdir. 


Toplantıda  iştirak  edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov  çıxış edərək bildirdi ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yollarla gəlir əldə etmək imkanıdır. Qanunsuz miqrant qaçaqmalçılğı anlayışı bu gün dünyada bir reallıqdır. Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınları aydın görürük. Bu sahədə müəyyən tendensiyalar Azərbaycanda da  müşahidə edilir və bunun qarşısını almaq  üçün bütün  səylər   göstərilir.  Ölkəmiz bu sahə ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə qanunverciiliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün həm cinayət, həm miqrasiya sahəsində problemlərin qarşısını almaq üçün təkmil qanunvericiliyimiz mövcuddur. Ölkə başçısının bu sahə ilə bağlı fərman və sərəncamları imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. 


Vüsal Hüseynov onu da vurğuladı ki, ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. 


Toplantıda  mövzu ilə əlaqədar  Daxili İşlər  Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə  üzrə Baş İdarəsinin rəisi, polis general-mayor Heydər  Heydərov, Avropa  İttifaqının  Azərbaycan nümayəndəliyinin  əməkdaşı Aleksandra Nerisonu, BMT-nin Azərbaycandakı rezident  əlaqələndiricisi Qulam İshaqzai,  Beynəlxalq  Miqrasiya  Təşkilatının  Azərbaycan  nümayəndəliyinin  rəhbəri  Serhan Aktorpaq fikirlərini  bildirdilər. Çıxışlarda  Qafqaz  regionunun  insan alveri  və miqrant  axını  üçün  əlverişli  çoğrafi ərazidə  yerləşməsi,  Azərbaycanın hüquq-mühafizə  sahəsində  beynəlxalq  təşkilatlarla əməkdaşlığı,  bu sahədə parlamentlərin rolu,  etibarlı  tərəfdaşlıq  və  məsuliyyət  prinsiplərinin qorunması ilə bağlı  məsələlərə  toxunuldu. 


Sonra  tədbir  plenar  sessiyalar  üzrə  davam etdirildi.  “İnsan alverinə qarşı hərtərəfli və beynəlxalq  mübarizə  cəhdləri” mövzusunda sessiyanı  millət  vəkili Məlahət  İbrahimqızı  təqdim etdi. 


Sessiyada deputat, AŞPA-nın Miqrasiya, Qaçqınlar  və  Məcburi köçkünlər  komitəsinin üzvü  Sahibə Qafarova “İnsan  hüquqlarının pozulmasının  qarşısının alınması, insan alverinə qarşı mübarizədə  milli parlamentlərin birgə səyləri”  mövzusunda  məruzə ilə çıxış etdi. 


Sonra  Belarus  Respublikası  Milli Məclisinin  Nümayəndələr Palatasının müavini  İvan Korzh, Yunanıstan parlamentinin  İnsan alverinə qarşı mübarizə üzrə Alt  komitəsinin sədri  Afrodita Stampouli, BMT-nin  Narkotiklər  və cinayətlər  üzrə  ədliyyə mütəxəssisi Hannah  Stallard mövzu  ilə əlaqədar çıxış etdilər. 


Tədbir  “İnsan alverinə qarşı  mübarizədə müasir  səylər”, “Hüququn aliliyi  sayəsində  insan alveri  və miqrant  qaçaqmalçılığı sahəsində görülən tədbirlər”, “İnsan  alveri cinayətlərinin təqibi və  istintaqı, miqrant  hüquqlarının müdafiəsi” mövzusunda paralel sessiyalarla  davam etdirildi. 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48