Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi

Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il aprelin 7-də keçirilmiş iclasında Azərbayacanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı cənab Vilayət Eyvazovun təqdim etdiyi ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair növbəti illik məlumat

07.04.2017

Məlum olduğu kimi, insan alveri əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri olaraq qəbul edilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş milli fəaliyyət planları əsasında 2004-cü ildən etibarən həyata keçirilən sistemli tədbirlər sayəsində həmin hüquqazidd əməllərin profilaktikasında və cinayət təqibi üzrə fəaliyyətdə müsbət nəticələr əldə edilmiş, bir çox vacib məsələlərin həllinə nail olunmuşdur.

Ötən dövrdə xarici ölkələrin mütərəqqi iş təcrübəsi və ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi nəzərə alınmaqla 80-ə yaxın qanunvericilik aktı və digər normativ sənəd qəbul edilmişdir.

Üçüncü Milli Fəaliyyət Planının icra edildiyi təkcə 2014-2016-cı illərdə Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 20 layihə maliyyələşdirilmiş və bu məqsədlər üçün 182 min manat vəsait ayrılmışdır.

İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı respublikanın bütün şəhər və rayonlarında yüzlərlə maarifləndirici tədbir, treninq və seminarlar təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 399 müvafiq cinayət müəyyən olunmuş, 58 nəfərdən ibarət 26 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Bu əməllərə görə 102 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, insan alverinin qurbanı olan 187 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunmuşdur. Profilaktik tədbirlər çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 558 cinayət faktı aşkarlanaraq 332 nəfər məsuliyyətə cəlb edilmişdir.

Müvafiq təşkilati-praktiki tədbirlər Baş Prokurorluq, Ombudsman aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri, qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqədə hesabat dövründə də planlı surətdə davam etmişdir.

İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanlarının və xarici tərəfdaşların təklifləri nəzərə alınaraq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı qaldırılmış vəsatətlər təmin olunmuşdur.

Belə ki, qurbanlara düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə Cinayət-Prosessual Məcəlləsinə yeni 123-1-ci maddə; «Telekommunikasiya haqqında» Qanuna isə operator və provayderlərin uşaqların internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsinə dair müddəa əlavə olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurbanların sosial reabilitasiyası üzrə tədbirlər görmək, yardım mərkəzləri yaratmaq və onların fəaliyyətinə nəzarəti həyata keçirmək səlahiyyəti müəyyən edilmişdir.

Bununla yanaşı, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşamaq üçün icazələrin verilməsini, eləcə də insan alveri qurbanlarının xidmətindən istifadə etməyə görə hüquqi məsuliyyət nəzərdə tutan qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

İnsan alverinin yeni forma və metodlarının ortaya çıxması, risk qrupuna aid təbəqənin mütəmadi yenilənməsi və digər mühüm amillər baxımından hesabat dövründə maarifləndirmə tədbirləri də diqqət mərkəzində saxlanılmışdır.

Daxili İşlər və Təhsil nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq orta ümumtəhsil məktəblərinin yuxarı siniflərinin 70.000-dən çox şagirdi üçün valideynlər, psixoloqlar, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların təmsilçiləri cəlb edilməklə uşaqların insan alverindən müdafiəsi mövzusunda respublikanın 54 şəhər və rayonunda müvafiq tədbirlər keçirilmişdir.

Analoji iş hüquq-mühafizə, tibb, sosial müdafiə və məşğulluq qurumları əməkdaşlarının, sahibkarların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məcburi köçkünlərin məskunlaşdığı inzibati ərazilərdə, internat məktəblərində və peşə-ixtisas təhsili müəssisələrində də təşkil edilmişdir.

Bir sıra ali təhsil müəssisələrində keçirilmiş görüşlərdə iştirakçılara insan alveri mövzusunda filmlər və teatr tamaşaları nümayiş etdirilmiş, müxtəlif televiziya kanallarında və internet şəbəkəsində qısametrajlı filmlər və sosial çarxlar yayımlanmışdır.

İnsan alverinə qarşı mübarizə tədbirlərinin geniş əhali kütləsinə açıqlanması məqsədilə, müvafiq məlumatlar mütəmadi olaraq xüsusi polis qurumunun internet səhifəsində yerləşdirilmişdir. Bütövlükdə həyata keçirilmiş tədbirlərdə Milli Fəaliyyət Planının bütün icraçıları yaxından iştirak etmiş, səmərəli işi ilə fərqlənən 15 qeyri-hökumət təşkilatı isə Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

Hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daxili İşlər Nazirliyi və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş 40-dan çox seminar, konfrans, təlim və treninqə cəlb olunmuş, habelə, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin əməkdaşları və hərbi qulluqçuları üçün ixtisasartırma kursları təşkil edilmişdir.

Eyni zamanda, Polis Akademiyasında insan alveri cinayətlərinin hüquqi aspektləri, kriminoloji xüsusiyyətləri, qarşısının alınması və açılması taktikası, Azərbaycan Turizm və Menecment, Bakı, Gəncə, Naxçıvan dövlət universitetlərində insan alverinə qarşı mübarizəyə və qurbanlara psixoloji yardımın göstərilməsinə dair mövzular tədris edilmişdir.

Mənbə, tranzit, təyinat ölkələrində insan alverinə qarşı mübarizəni həyata keçirən hüquq- mühafizə orqanlarının səylərinin birləşdirilməsində və potensialının gücləndirilməsində vacib elementlərdən olan beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üzrə tədbirlər də məqsədyönlü olmuşdur.

Konkret olaraq BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, GUAM, İslam Əməkdaşlıq və Beynəlxalq Miqrasiya təşkilatları, ixtisaslaşmış beynəlxalq qurumlar, ABŞ-ın Ədliyyə Departamentinin, onun və İsrailin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə insan alverinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri və digər məsələlər barədə geniş informasiya mübadiləsi aparılmışdır.

Təyinat ölkələrindən olan Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, habelə, məlumat mübadiləsinin intensivliyinin artırılması, həmin ölkələrdə gizlənmiş təqsirləndirilən şəxslərin həbs edilməsi və ekstradisiyası nəzarətdə saxlanılmışdır.

Daxili İşlər Nazirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin və Beynəlxalq İnkişaf Agentliyinin iştirakı ilə insan alverinin cinayət təqibi və koordinasiya məsələlərinə həsr edilmiş seminar, Naxçıvan Muxtar Respublikasında isə “İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunmuş konfrans keçirilmişdir.

Xarici İşlər Nazirliyinin təşəbbüsü və ATƏT-in İnsan Ölçüsü Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə insan alverinə qarşı mübarizədə ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti barədə xarici tərəfdaşlar ətraflı məlumatlandırılmışdır.

Xüsusi polis qurumunun əməkdaşları beynəlxalq təşkilatların keçirdikləri layihələr formatında bir sıra Avropa dövlətlərində təcrübə mübadiləsinə cəlb olunmuş, tədris kurslarında təlimçi qismində iştirak etmişlər.

İnsan alverinin geniş yayılmış formalarından olan məcburi əməyin səbəb və şəraitinin aradan qaldırılması istiqamətində preventiv və nəzarət tədbirləri də davamlı olmuşdur.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla əcnəbilərin məcburi əməyə cəlb edilməsi faktı aşkarlanmasa da, müvafiq qanunvericiliyin tələblərini pozmuş 90 nəfər barəsində inzibati tənbeh tədbirləri görülmüşdür.

Miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 5.523 əcnəbinin ötən il respublikanın hüdudlarından kənara çıxarılmasının da böyük əhəmiyyəti olmuşdur.

Digər tərəfdən, polis orqanlarının aidiyyəti qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə keçirdiyi reydlər zamanı, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni əməyə cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilmişdir. Aparılmış araşdırmalarla onların insan alverinin və məcburi əməyin qurbanı olması ehtimalı təsdiqlənməmişdir. Bununla belə, övladlarını hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tədbirlər görülmüş, müvafiq sosial problemlərin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında komissiyalara baxılması üçün 300-dən çox material göndərilmişdir.

Xüsusi monitorinq qrupları tərəfindən 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanılaraq zəruri sosial və tibbi yardımlarla əhatə olunmaları təmin edilmişdir.

Ümumən, qarşıda duran vəzifələrin məqsədyönlü icrası müvafiq sahədə kriminogen durumun nəzarətdə saxlanılmasını, qurbanların vaxtında müəyyən edilib qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.

Hesabat dövründə 2015-ci illə müqayisədə 30 faiz çox yaxud 147 insan alveri və məcburi əmək cinayəti, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair isə 19 fakt aşkarlanmışdır.

Bu əməllərə görə 31-i qadın, 7-si kişi olmaqla 38 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilmiş, axtarışa elan olunmuş 10 şəxs tutulmuşdur.

Müəyyən edilmiş 70 (69-u qadın, 1-i kişi) qurbandan 69-u Azərbaycan vətəndaşı, 1-i əcnəbi olmuşdur.

İnsan alverinin və məcburi əməyin 63 qurbanı və 7 potensial qurban sığınacağa yerləşdirilərək hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilmiş, 25-i işlə təmin edilmiş, 38 nəfər peşə kurslarına göndərilmiş, 54 qurban ailəsinə qaytarılmışdır. Bütün qurbanlar dövlət hesabına zəruri tibbi və psixoloji yardımla əhatə olunmuş, ibtidai istintaq və məhkəmə baxışı dövründə isə peşəkar hüquqi xidmətdən istifadə etmişlər.

Qurbanların himayəsində olan 31 azyaşlı Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif təhsil proqramlarına cəlb olunmuş, 5 uşağın sosial problemləri həll edilmiş, daha 7-si “Azərbaycan Uşaqlar Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilmişdir.

Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat xərclənmişdir.

Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı «qaynar xətt» telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciət araşdırılaraq hər biri üzrə qanunauyğun ölçülər götürülmüş, təşəbbüskarlara zəruri izahlar verilmişdir.

Respublikada insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi Avropa Şurasının, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində xüsusi vurğulanmışdır.

İnsan alverinə qarşı qlobal səviyyədə aparılan mübarizənin nəticələri göstərir ki, heç bir dövlət bu bəladan tam sığortalanmayıb və təkbaşına təsirli əks tədbirlər görə bilmir.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən, dünyada insan alveri ilə bağlı hər il orta hesabla 13 min iş üzrə cinayət təqibi həyata keçirilir və bu əməlləri törədən 6000-dək şəxs məhkəmə məsuliyyətinə verilir.

Müəyyən olunan 56 minə yaxın qurbandan 51%-ni qadınlar, 21%-ni kişilər, 28%-ni uşaqlar təşkil edir. Zərərçəkmişlərin 58%-i cinayətkar qrup və təşkilatlar tərəfindən 570-dən artıq marşrut üzərindən başqa dövlətlərə aparılaraq istismar olunur.

Problemin daha da dərinləşməsində dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, həmin səbəblərdən ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının ortaya çıxması da xüsusi rol oynayır.

Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici etməklə onun məcburi əmək, mütəşəkkil və məcburi dilənçilik, terrorçuluq məqsədilə istismar, orqan transplantasiyası və başqa növlərinin arealını genişləndirməyə yeni imkanlar açır.

Əksər dövlətlərin istintaq orqanlarının apardığı araşdırmaların nəticələri də göstərir ki, insan alveri, o cümlədən, qurbanların seçilməsi, təyinat ölkəsinə göndərilməsi, qarşılanması, yerləşdirilməsi, istismarı, əldə olunan gəlirlərin bölüşdürülməsi - bütövlükdə bu cinayətkar fəaliyyət əsasən transmilli mütəşəkkil cinayətkar birliklərin birbaşa nəzarəti və rəhbərliyi ilə təşkil edilir və idarə olunur.

Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2005-ci ildən indiyədək görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınmış, həmin müddətdə 1056 cinayət və 746 qurban aşkarlanmış, 479 şəxs məhkəmə məsuliyyətinə verilmişdir.

Milli Fəaliyyət Planından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi böyük siyasi dəstək, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması üzrə aparılan hərtərəfli islahatlar və hüquq - mühafizə fəaliyyətinin gücləndirilməsinə yönəlmiş mühüm addımlar sözügedən əməllərin profilaktikasının və cinayət təqibinin ən yüksək səviyyədə təşkil olunmasına, müvafiq təhdidlərə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.

Göstərilənlər baxımından cari ildə qarşımızda insan alveri təhlükəsi barədə maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr durur.

 

Geriyə





Çap et  Çap et