İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru cənab Seyfulla Əzimovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik məlumatı

19.05.2020

 Hörmətli sədr!

Hörmətli millət vəkilləri!

Məlum olduğu kimi fundamental insan hüquq və azadlıqlarını pozan və beynəlxalq təhlükəsizliyə təhdid yaradan insan alveri cinayətkar birliklərin külli miqdarda qanunsuz gəlir əldə etməsinə, milyonlarla insanın qurbana çevrilməsinə şərait yaradan kriminal əməllərdəndir.

Əksər ölkələrdə mövcud olan bu problemə dair sonuncu qlobal hesabata görə, müəyyən edilmiş qurbanların dörddə üçünü qadınlar, 30 faizini uşaqlar təşkil edir.

Hesabatın əhatə etdiyi 2019-cu il “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Birləşmiş Millətlər Təşkilatının Palermo Protokolunun qüvvədə olmasının 15-ci ildönümünə təsadüf edir.

Məhz bu beynəlxalq sənəddən irəli gələn öhdəliklərin icrası – bir çox dövlətlərdə qurbanların müəyyən edilməsi işinin və onları müdafiə mexanizmlərinin təkmilləşməsinə, cinayət təqibinin və ədalət mühakiməsinin effektivliyinin artmasına yönəlmiş qanunvericilik aktlarının qəbulunu şərtləndirmişdir. Nəticədə, aşkarlanan qurbanların və məsuliyyətə cəlb edilənlərin sayında ilbəil artım müşahidə olunmuşdur.

2019-cu ildə Azərbayсan Respublikasında da aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraiti nəzarətdə saxlanılmış, risk qrupuna aid şəxslər bu cinayətlərdən müdafiə olunmuş, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə əhatə edilmişdir.

İlk növbədə qeyd edim ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin mütərəqqi işlək qanunvericilik bazası formalaşmış və müvafiq tədbirlər hesabat ilində də davamlı olmuşdur.

Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklərlə insan alverindən zərər çəkmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə – dövlət rüsumu ödəmədən ölkədə müvəqqəti yaşamaq icazəsi verilmiş, eləcə də onların üzərindən ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq öhdəliyi götürülmüşdür.

Ötən il, Azərbaycan, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasını ratifikasiya etmiş, habelə, daha bir qanunla təsdiq edilmiş Protokolda – Rusiya Federasiyasının, İran İslam, Qazaxıstan respublikalarının və Türkmənistanın aidiyyəti dövlət orqanları ilə qadın və uşaq alveri cinayətlərinə qarşı mübarizədə əməkdaşlığın mexanizmləri müəyyən olunmuşdur.

“İnsan alverinə qarşı mübarizə” və “Gənclər siyasəti” haqqında qanunlarda edilmiş dəyişikliklərlə psixoloji reabilitasiya və psixoloji korreksiya – qurbanlara göstərilən sosial xidmətlərə, insan alverinin qurbanı olmuş gənclər isə – risk qrupuna aid edilmişdir.

Hökumət tərəfindən bir sıra mühüm qərarlar qəbul edilərək müvafiq hüquqazidd əməllərdən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılmış; ölkədaxili və beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər hazırlayan təlim müəssisələrinin – insan alveri ilə bağlı mövzuları tədris etmək öhdəlikləri müəyyən olunmuşdur.

Maarifləndirmə işi davam etdirilərək elektron təhsil modulunun tətbiqi, sosial şəbəkələrdə seminarların və kampaniyaların keçirilməsi kimi yeni ictimai məlumatlandırma üsul və vasitələrinə üstünlük verilmişdir.

Dахili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə respublikanın 55 şəhər və rayonunun orta, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar təşkil olunmuşdur. Tədbirlərə hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyətlərinin, nəqliyyat, təhsil, sosial müdafiə, məşğulluq mərkəzlərinin, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, tibb işçiləri və sahibkarlar cəlb еdilmişdir.

Xüsusi polis qurumunun dəstəyi ilə Bakı şəhərində maarifləndirmə kampaniyası da keçirilərək təşviqat xarakterli videolar, müxtəlif dillərdə 100 mindən çox təbliğat materialı, həmçinin televiziya və radio kanallarında, videoportallarda xüsusi verilişlər hazırlanıb yayımlanmışdır.

Cəza çəkməkdən azad olunmuş qadınların və yetkinlik yaşına çatmayanların insan alverinin qurbanına çevrilməməsi üçün Penitensiar Xidmətin müvafiq müəssisələrində məhbuslarla görüşlər təşkil edilmiş, onlara hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı zəruri məlumatlar verilmişdir.

Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə respublikanın bütün “ASAN xidmət” mərkəzlərində paylanılmış, sosial şəbəkələrə             və internet informasiya resurslarına yerləşdirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə layihəsi çərçivəsində 1800-dən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iştirakı ilə ölkədə olma və yaşama qaydalarına, insan alverindən və məcburi əməkdən müdafiə üsullarına dair seminarlar keçirilmişdir.

Maarifləndirmə tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, şəhər rayon icra hakimiyyətləri yaxından iştirak etmişlər. Təbliğat işinin təşkilində Qeyri-Hökumət Təşkilatları Koalisiyasının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya  vasitələrinin də böyük əməyi olmuş 18 ictimai birlik Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

Bununla bərabər, qeyri-hökumət təşkilatlarının təqdim etdiyi 20 müvafiq layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 209 min manat vəsait ayrılmışdır ki, onun da 105 min manatı üç sığınacağın və beş reabilitasiya mərkəzinin maliyyələşdirilməsinə yönəldilmişdir.

İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri peşə hazırlığı kurslarına cəlb olunmuş, xüsusi polis qurumunun əməkdaşları – xarici dövlətlərdə və ölkəmizdə keçirilmiş 51 konfrans, seminar və təlimlərdə, habelə təlimatçı qismində 17 beynəlxalq tədbirdə iştirak etmişlər.

İnsan alverinə dair mövzuların tədrisi xüsusi təyinatlı təhsil müəssisələrində də təşkil olunmuş, eləcə də səhiyyə, sosial müdafiə və orta ümumtəhsil sahələrinin işçiləri – insan alverinin qurbanlarına reabilitasiya, tibbi və psixoloji yardım mövzularında təlimlərə və dəyirmi masalara cəlb edilmişlər.

Xarici və yerli ekspertlərlə birgə sahibkarlar üçün keçirilmiş treninqlərdə insan alveri qurbanlarının və potensial qurbanların işə götürülməsi ilə bağlı təşviqat aparılmış, insan alverinin qurbanları üçün xüsusi müəssisələrin mütəxəssislərinə – peşəkar tibbi, psixoloji və digər yardımların göstərilməsinin əsasları öyrədilmişdir.

2019-cu ildə xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır.

Mənşə və təyinat ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə görüşlərdə – məlumat mübadiləsinin intensivliyinin artırılması, qurbanların öz ölkələrinə qaytarılmasının sadələşdirilmiş mexanizmləri, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, aidiyyəti beynəlxalq təşkilatların, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin, bu ölkənin Azərbaycandakı səfirliyinin, Türkiyə Daxili İşlər Nazirliyinin təmsilçiləri ilə görüşlərdə insan alverinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Hesabat ilində məcburi əməyin qarşısının alınması üzrə həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri ilə 4 müvafiq əməl müəyyən edilmişdir. Araşdırmalarla 6 qurbandan 5-nin Rusiya Federasiyasında tikinti sahəsində istismar edildiyi, 1 azyaşlının respublikada məcburi dilənçiliyə məruz qaldığı müəyyən edilmişdir. Hər bir fakt üzrə istintaq aparılaraq təqsirkar şəxlər məhkəmə məsuliyyətinə verilmişdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən yoxlamalarla 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkarlanaraq 4 işəgötürən təşkilat barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, daha 39-u haqqında ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların nəticəsi olaraq, 2018-ci illə müqayisədə, ötən il bağlanılan əmək müqavilələrinin ölkə üzrə 153 min artması, o cümlədən 100 mininin özəl sektorun payına düşməsi – qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bərabər, məcburi əmək cinayətlərinin profilaktikasında da mühüm amillərdən olmuşdur.

Bu sahədə daha bir əhəmiyyətli tədbirlər – ölkədə olma və yaşama qaydalarını pozan 11.564 əcnəbinin müəyyənləşdirilib inzibati məsuliyyətə cəlb edilməsi və onlardan 8.093 nəfərinin respublikanın hüdudlarından inzibati qaydada çıxarılmasıdır.

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilmişdir. Aparılmış araşdırmalarla onlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənmişdir.

Digər hallar üzrə cinayət tərkibi müəyyən edilmədiyindən – övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülmüş, eləcə də yerli icra hakimiyyətləri yanında komissiyalara və digər əlaqədar təşkilatlara 670 material göndərilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” mərkəzləri tərəfindən isə – övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 78 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilərək hər birinə zəruri sosial yardımlar göstərilmişdir.

Onu da qeyd edim ki, müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından son illər kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır. Ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq, həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsatət qaldırılmışdır.

Hörmətli millət vəkilləri!

Hesabat ilində insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşımışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 186 insan alveri, o cümlədən 4 məсburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınmış, 10 nəfərdən ibarət 4 сinayətkar qrup zərərsizləşdirilmiş, axtarışa elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi (19-u) tutulmuşdur. İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs (5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilmiş, 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılmışdır.

Müəyyən edilmiş 91 insan alveri qurbanından (85 qadın, 5 kişi, 1 uşaq) 89-u Azərbayсan Respublikasının vətəndaşı, 2-i əcnəbi olmuşdur (Tacikistan və Özbəkistan vətəndaşları). Qurbanlardan 54-ü istismar məqsədilə Türkiyə Respublikasına, 16-ı Qətər Dövlətinə, 8-i İran İslam Respublikasına, 5-i Rusiya Federasiyasına aparılmış, 5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalmışdır.

Onlardan 78-i Daxili İşlər Nazirlyinin sığınаcаğınа yеrləşdirilərək hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzi və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə tibbi, psiхоlоji, hüquqi yаrdımların göstərilməsi təmin edilmişdir.

Nəticədə 14 qurban işlə təmin еdilmiş, 45-i pеşə kursunа göndərilmiş, 58-i аilələrinə qаytarılmış və hər birinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən birdəfəlik müаvinət ödənilmişdir (2019-cu il 4 iyun tarixinədək 400 manat, sonrakı dövrdə 700 manat).

Qurbаnlаrın övladları dа diqqət mərkəzində sахlаnılaraq 22 uşаq məktəbəqədər təhsil proqramına yönəldilmiş, 15-nin аtаlığı müəyyən еdilərək аlimеntlə təmin оlunmаsındа, 18-nə lazımi sənədlərin alınmasında köməklik göstərilmişdir.

Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “152” telefon xidmətinə daxil olmuş 6845 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülmüş, təşəbbüskarlara zəruri izahlar verilmişdir.

İnternet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi də həyata keçirilərək insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 100-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanıb hərtərəfli araşdırılmış, təsdiqini tapmış 4 fakt üzrə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.

Bütövlükdə, iсtimai mənəviyyat əleyhinə olan 53 hüquqazidd əməl müəyyən edilərək 27 nəfər cinayət, 779 nəfər inzibati məsuliyyətə сəlb olunmuşdur.

İnsan orqanlarının qanunsuz transplantasiyası faktları ilə mübarizə də diqqət mərkəzində saxlanılmış və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həmin əməllərlə məşğul olan bir transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Hörmətli millət vəkilləri!

Ümumən, Azərbaycan Respublikasında insan alveri ilə mübarizənin hüquqi müstəvidə aparıldığı 2005-2019-cu illərdə dövlətin güclü siyasi iradəsi sayəsində beynəlxalq təcrübəyə uyğun institusional islahatlar aparılmış, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilmişdir.

İnsan alvеri ilə mübarizə standartlarının ardıcıl sürətdə yüksəlməsi ilə səciyyəvi olan bu müddətdə ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanılması, əhalinin məşğulluğunun artırılması və həyat səviyyəsinin yaxşılaşması sahəsində ortaya qoyulmuş böyük bir fəaliyyət – insan alveri probleminin həllində də əhəmiyyətli nəticələrlə səciyyəvidir.

Üç dövlət proqramının icra edildiyi həmin illərdə onlarla qanunvericilik aktı qəbul оlunmuş, ölkəmiz insan alveri ilə mübarizədə əksər beynəlxalq sənədlərə qoşulmuşdur.

İnsan alvеrinin dоğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması işində vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi infоrmasiya vasitələrinin imkanlarından geniş istifadə edilmiş, bu səhədə təşəbbüskarlığı ilə seçilən qeyri-hökumət təşkilatları dövlət tərəfindən dəstəklənmişdir.

 Ötən 15 ildə qeydə alınmış 1514 insan alveri və məcburi əmək cinayəti üzrə 570 şəхs cinayət məsuliyyətinə cəlb оlunmuş və 976 qurban müəyyən edilmişdir.

Sözsüz ki, insan alveri ilə mübarizədə görülməli işlər də çoxdur. Növbəti illərdə qarşıda duran hədəflər: cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Müvafiq istiqamətdə zəruri tədbirlər Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun sistemli şəkildə davam etdirilir.

Məruzənin sonunda insan alveri ilə mübarizənin hüquqi bazasının təkmilləşdirilməsində, bütövlükdə bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak etdiyinizə və səmərəli əməkdaşlığınıza görə sizə, həmçinin vətəndaş cəmiyyətlərinə və media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə sağ olun. 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48