ABŞ səfirliyi nümayəndə heyəti ilə görüş keçirilib

28.10.2020

2020-ci ilin 28 oktyabr tarixində ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir. Görüşdə qarşı tərəfdən Səfir vəzifələrini icra edən Maykl Dikerson, Səfirliyin siyasi işlər üzrə müşaviri Qreta Qromoviç, tərcüməçi Cavid Əliskəndərov, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, pоlis gеnеrаl-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisləri, polis polkovniki Araz Babayev, polis polkovnik-leytenantı Ramil Kazımov, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə, inspektor tərcüməçi,polis mayoru Elçin Orucov, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, polis mayoru Elnur Aslanov, "İnsan Alverinə qarşı Mübarizə Təşkilatı" İctimai Birliyinin sədri Ramiz Alıyev, “Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, "Ailə Dünyası, Ailələrə Hüquqi Yardım" İctimai Birliyinin sədri Gülayə Səfərova iştirak etmişdir.

Görüş zamanı Azərbaycanın "2-ci sıra nəzarət" ölkələr sırasına endirilməsinin səbəbləri, hesabatda əksini tapmış tənqidi məqamlara aydınlıq gətirilmiş, insan alveri cinayətlərinə qarşı keyfiyyətli profilaktikanın aparıldığı, insan alvei qurbanlarının əsasən proaktiv üsullarla müəyyən olunduğu, insan alverindən zərər çəkmiş şəxslərin bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2173 nömrəli 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilməsi, insan alverçilərinə real azadlıqdan məhrum etmə cəzalarının təyin edildiyi və s. diqqətə çatdırmışdır.

Həmçinin hesabatın Kipr, Gürcüstan və İran İslam Respublikası ilə bağlı hissələrində Azərbaycanla əlaqəli qeyd olunan xüsusatların təsdiqini tapmadığı bildirilmişdir.

Daha sonra “Təmiz Dünya Qadınlara Yardım", “Azərbaycan Uşaqları” ictimai birliklərinin rəhbərləri çıxış edərək Daxili İşlər Nazirliyinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əhəmiyyətli rolunu vurğulamışlar.

ABŞ-in Azərbaycan Respublikasındakı Səfirinin müavini, Səfir vəzifələrini icra edən Maykl Dikerson insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan tərəfi ilə çalışacaq Səfirliyin siyasi işlər üzrə müşaviri Qreta Qromovoçi tədbir iştirakçılarına təqdim etmiş, sayca 4-cü Milli Fəaliyyət Planının təsdiq edilməsini yüksək qiymətləndirmiş və əvvəlki hesabatda Azərbaycana dair qeyd olunan tənqidi məqamlarla bağlı təqdim olunmuş dolğun məlumatları dinləyərək növbəti hesabat dövründə ölkəmizin bir pillə irəliləməsi ehtimalının böyük olduğunu qeyd etmişdir.

Maykl Dikerson bir daha bu mühüm sаhədə ümumi işimizə böyük fаydа gətirən səmərəli əməkdаşlıq münаsibətimizə və Baş İdarədə keçirilən görüşə görə minnətdarlığını bildirməklə 2020-ci ildə insan alverinə qarşı mübarizə fəaliyyətində əldə olunmuş uğurların növbəti hesabatlarda öz müsbət təsirini göstərəcəyini vurğulamışdır.

Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48