Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində insan alverinə qarşı mübarizəyə dair 2021-ci il üzrə illik məlumatı dinlənilmişdir.

07.05.2022

Giriş


Bu məlumat Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğunun, 26 mərkəzi və 76 yerli icra hakimiyyəti orqanının, Ombudsman Aparatının, aidiyyəti beynəlxalq təsisatların müvafiq təhlilləri əsasında hazırlanmışdır.
Fundamental insan hüquq və azadlıqlarını pozan və beynəlxalq təhlükəsizliyə təhdid yaradan insan alveri özünün müxtəlif təzahür və formalarında transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən biri olaraq qalmaqdadır. İnsan alveri və məcburi əmək cinayətlərinin qanunsuz miqrasiya ilə mövcud olan qırılmaz əlaqəliliyi isə – bu sahədə əks tədbirlərin bir ölkə çərçivəsində deyil, regional və dünya səviyyəsində həyata keçirilməsini zərurətə çevirir.
Beynəlxalq təşkilatların məruzələrindən görünür ki, 2021-ci ildə təxminən 25 milyon insan alveri qurbanı aşkar edilmiş və qlobal miqyasda hər 10 qurbandan 5-i yetkin qadınlar və üçdə biri uşaqlar olmuşdur. Digər tərəfdən, Covid-19 pandemiyası ilə əlaqədar dünya üzrə milyonlarla (təkcə 2020-ci ildə 114 milyon) insan iş yerini itirmiş və bu xüsusat insan alveri risklərini daha da artırmışdır.
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər başqa dövlətlərdə olduğu kimi, ölkəmizdə də maarifləndirmə tədbirlərinin, təlim və treninqlərin keçirilməsində, müvafiq cinayətlərin araşdırılmasında, təqibində, istintaq materiallarının yekunlaşdırılmasında və ya məhkəmə baxışında bəzən fasilələrə səbəb olmuşdur.
Bununla belə, Azərbaycanın insan alverinə qarşı mübarizə strategiyası çərçivəsində həmin cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, vətəndaş cəmiyyəti, beynəlxalq və xarici təsisatlarla əməkdaşlıq pandemiya dövrünün tələblərinə uyğun davam etdirilmişdir.
Qanunvericilik
Ölkəmizdə insan alverinə qarşı mübarizə fəaliyyətini tənzimləyən konkret hüquqi normalar mövcud olsa da, aidiyyəti qanunvericilik bazası müasir dövrün tələbləri, beynəlxalq qurumların tövsiyələri və mütərəqqi təcrübə nəzərə alınmaqla 2021-ci ildə də təkmilləşdirilmişdir. Belə ki, Nazirlər Kabinetinin 6 qərarına təklif olunmuş dəyişikliklər nəticəsində:
- insan alveri qurbanlarının fərdi sosial reabilitasiyası zamanı peşə hazırlığı, yenidən hazırlığı və işə düzəltmə kimi tədbirlərə məsul qurum – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin yerli strukturları və “DOST” mərkəzləri, tibbi reabilitasiya tədbirlərinin həyata keçirilməsinə isə – tibb müəssisələri müəyyən edilmiş;
- əməyin istismarına məruz qalan qurbanların əlamətlərini xarakterizə edən göstəricilər təkmilləşdirilmiş, müvafiq indikatorlar dəqiqləşdirilmiş;
- şəxsin qurban və ya ehtimal edilən qurban olması ilə bağlı əldə edilmiş hər hansı bir məlumatın dərhal xüsusi polis qurumuna verilməsi vəzifəsi Dövlət Miqrasiya Xidmətinə və tibb müəssisələrinə də həvalə edilmiş;
- repatriasiya edilmiş şəxsin gələcəkdə yenidən qurban olma riskinin qiymətləndirilməsi və qarşısının alınması üzrə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən preventiv tədbirlərin tətbiqini müəyyən edən yeni norma əlavə olunmuşdur.

İnsan alveri və məcburi əmək cinayətlərinin aşkarlanması və profilaktikası məqsədilə Milli Fəaliyyət Planının icrası çərçivəsində, eləcə də beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla (ABŞ Dövlət Departamentinin və Avropa Şurasının İnsan alverinə qarşı fəaliyyət üzrə ekspertlər qrupu – GRETA-nın) tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən monitorinqlər aparılmasına dair normativ hüquqi akt layihələri hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmuşdur.
İnsan alverinin qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi üçün müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılaraq ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması haqda qanunvericilik layihələri hazırlanmışdır.
Azərbaycan Respublikasının “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulması barədə vəsatət də qaldırılaraq aidiyyəti üzrə göndərilmişdir.

Profilaktika və maarifləndirmə, təlim və treninqlər
İnsan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi və s. zəruri tədbirlər davam etdirilmişdir.
Xarici dövlətlərə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarına 14.000 (on dörd min) maarifləndirici buklet və flayer göndərilmiş, sözügedən vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyatda, sərhəd-buraxılış məntəqələrində paylanması təmin edilmişdir.


Daxili İşlər Nazirliyi tərəfindən antinarkotik təbliğatla bağlı təhsil müəssisələrində keçirilmiş 700-ə yaxın maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara insan alverinin doğurduğu təhlükələr, informasiya texnologiyalarından istifadə olunmaqla uşaqlara qarşı törədilən hüquqpozmalar, bu cür əməllərdən qorunmanın yolları, zərərli informasiyanın dövriyyəyə daxil edilməsinin qarşısının alınması üzrə görülən işlər barədə geniş məlumat verilmişdir.
Bu xüsusda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə uşaqların internet informasiya ehtiyatlarında qumar, narkotik, insan alveri, terrorçuluq, zərərli reklamlar və s. məlumatlara girişini istisna edən və belə cəhdlər barədə dərhal valideynlərinin məlumatlandırılmasını həyata keçirən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (kidsafe.az) proqramı da yaradılmışdır.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əməkdaşlarının və ASAN könüllülərinin iştirakı ilə “İnsan Alverinə qarşı Mübarizə Günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bilavasitə tabe olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən 6 ali təhsil müəssisəsində və respublikanın 26 şəhər və rayonunda maarifləndirmə tədbirləri təşkil edilərək insan alverinin xüsusiyyətləri, formaları, qurbanlarla aparılan reabilitasiya işləri, insan alverinə qarşı mübarizənin metodları haqqında ətraflı məlumatlar verilmiş, habelə sosial mediada müvafiq informasiyalar yayımlanmışdır.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində gender və uşaqlara qarşı zorakılığın, erkən nikahların qarşısının alınması, riskli ailələrin müəyyən olunması və onlara lazımi dəstəyin göstərilməsi kimi məsələlərlə bağlı respublikanın 12 şəhər və rayonunda görüşlər keçirilmişdir.
Təhsil, Gənclər və İdman nazirlikləri, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən də təşkil olunmuş bu qəbildən tədbirlərdə 50-ə yaxın Uşaq-gənclər inkişaf mərkəzinin nümayəndələri, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, metodistləri və valideyn komitələrinin sədrləri iştirak etmişlər.
Ombudsman aparatı nümayəndələrinin uşaqlarla keçirdiyi görüşlərdə isə insan alverinin mahiyyəti, növləri, doğurduğu təhlükələr, uşaq əməyinin istismarı, fəsadları, istismara məruz qalmış və ya kobud rəftar halları ilə qarşılaşmış uşaqların müraciət edə biləcəyi “916 Çağrı Mərkəzi” barədə geniş məlumat verilmişdir. Həmin təsisatın Milli Fəaliyyət Planının aidiyyəti yarımbəndlərinin icrasında və beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair sorğularının cavablandırılmasında da böyük əməyi olmuşdur.
Eyni zamanda, ölkəmizdə erkən nikahların qarşısının alınması və bu sahədə məlumatlılığın artırılması məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən əhali ilə, xüsusən məktəblərdə 140 maarifləndirmə tədbiri keçirilmişdir.
2021-ci ildə qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb 937-si qeydə alınmış, digərlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmasında hüquqi yardım göstərilmişdir.
Sosial təhlükəli vəziyyətdə olan uşaqlar və onların valideynləri ilə fərdi profilaktik işlər də gücləndirilərək respublika üzrə 3000 məktəbli arasında sorğu keçirilmiş və nəticələrinə əsasən psixoloqların iştirakı ilə təhsildən yayınan şagirdlər üçün təlimlər təşkil edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 2021-ci ildə ölkə vətəndaşları və əcnəbilər tərəfindən övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 1209 uşağın yaşadığı ünvanlarda, yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayəçilik komissiyaları isə 115 uşağın yaşadığı ailələrdə monitorinqlər aparmış və müvafiq yoxlamalar zamanı övladlığa götürülmüş uşaqların hüquqlarının pozulması halları aşkarlanmamışdır.
Diqqət mərkəzində saxlanılan məsələlərdən biri də görülmüş işlərin ictimaiyyətə çatdırılması olmuşdur.
Belə ki, sözügedən cinayətlərə qarşı mübarizənin informativ, təşkilati və hüquqi əsasları, nəticələri, keçirilən görüşlər, insan alveri qurbanları üçün sığınacaq, “Qaynar xətt”, Kömək Fondu və s. barədə məlumatlar azərbaycan və ingilis dillərində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmişdir.
Vətəndaşların və ictimai təşkilatların insan alverinə qarşı mübarizədə daha fəal iştirak etməsi üçün veb-sayta “Online müraciət” və “Qəbula yazılma” modulları daxil edilmişdir.
Göstərilən cinаyətlərin prоfilаktikаsındа kütləvi infоrmаsiyа vаsitələrinin imkаnlаrındаn da geniş istifаdə edilərək həyata keçirilən tədbirlər və əldə оlunаn nəticələr müхtəlif tеlеkаnаllаrdа, аyrı-аyrı infоrmаsiyа аgеntliklərinin mətbu orqanlarında və internet səhifələrində işıqlаndırılmışdır.
Təbliğat işində, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsi, sosial reabilitasiyası, onlara hüquqi yardımın göstərilməsi, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində Qeyri-hökumət təşkilatlarının səmərəli fəaliyyəti də qeyd edilməlidir. Onlardan təşəbbüskarlığı ilə seçilən 16-ı Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmış, təqdim etdikləri ümumi dəyəri 100 min manatdan çox olan 13 layihə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 125 min manat, “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa torpaq sahəsinin alınmasına 30.000 manat, “İnsan Alverinə qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinə müvafiq cinayətlərdən bəhs edən “İFŞA” adlı serialın çəkilişi üçün 20.000 manat ayrılmışdır.
Polis orqanlarının rəhbər heyətinin və ayrı-ayrı xidmət sahələrinin 300-ə yaxın əməkdaşının cəlb edildiyi ixtisasartırma kurslarında insan alverinə qarşı mübarizənin xüsusiyyətləri tədris olunmuş və bu işdə xüsusi polis qurumunun nümayəndələri təlimatçı qismində iştirak etmişlər.
“İnsan alveri və məcburi əmək” mövzusunda keçirilmiş 16 təlimdə Dövlət Miqrasiya Xidmətinin 348 əməkdaşı iştirak etmiş, Ədliyyə və Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş 617 əməkdaş, habelə 140-dan çox hakim və vəkil üçün təlim və ixtisasartırma kursları təşkil olunmuşdur.

Beynəlxalq əməkdaşlıq
İnsan alverinə qаrşı mübаrizə məsələlərinə dair infоrmаsiyа və təcrübə mübadiləsi ixtisaslaşmış bеynəlхаlq qurumların və xarici ölkələrin Аzərbаycаndаkı səfirliklərinin nümayəndələri ilə ötən il də aparılmış, həmçinin Amerika Birləşmiş Ştatlarının Dövlət və Ədliyyə departamentlərinin və bir sıra beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair tövsiyə və sorğularına baxılaraq cavablandırılması təmin olunmuşdur.
Əməkdaşlığın perspektivləri Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliklərinin, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin, bu ölkənin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliklərinin təmsilçiləri ilə görüşlərdə də müzakirə edilmişdir.
Qeyd olunmalıdır ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra nəzarət ölkələr sırasına aid edilir.

Bu baxımdan, Azərbaycana aid məqamlara aydınlıq gətirilməsi, beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti ilə görüşlər davam etdirilir.
Məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər
Məcburi əməyə şərait yaradan halların, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi, bu növ cinayətlərin qarşısının alınması sahəsində Milli Fəaliyyət Planında qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir.
Hesabat ilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı aşkarlanaraq cinayət işləri başlanılmış və bu istiqamətdə aparılmış araşdırmalarla həmin cinayətdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi müəyyən olunmuşdur.
Qeyd edilməlidir ki, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətindən yalnız 2,7 faizinin (51) məcburi əmək cinayəti olması həmin əməllərin ölkəmiz üçün xarakterik olmadığını göstərir.

Bununla belə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən yoxlamalarla 25 tikinti obyektində 56 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkarlanaraq bir işəgötürən təşkilat barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, daha 14-ü haqqında ümumilikdə 166.800 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Məcburi əmək cinayətinin profilaktikasında mühüm rolu olan qeyri-formal məşğulluğun ləğvi sahəsində görülən tədbirlərlə işçilərlə işəgötürənlər arasında 793.258 (-133.445) əmək müqaviləsinin bağlanılması təmin edilmiş, habelə Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilərək hüquq pozuntusuna yol verən işəgötürənlər barəsində 1.339.300 manat cərimə tətbiq olunmuşdur.
Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən 5769 nəfərə iş icazəsi verilmiş, 3289 nəfərin iş icazələrinin müddəti isə uzadılmışdır.
İnsan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi və məşğulluğun təmin olunması proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi 434 nəfərin, o cümlədən 7 əlilin, 207 gəncin, 141 qadının müxtəlif sektorlarda işlə təmin edilməsinə nail olmuş, sosial tərəfdaşlarla 128 müqavilə bağlamış, 1.072 nəfər işsiz və işaxtaran şəxsə göndəriş vermişdir. Digər tərəfdən, respublikanın 4 şəhər və rayonunda 3506 yeni iş yeri açılmış, 1800-dən çox şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.
Həmçinin, insan alverinin qurbanına çevrilmə riski olan sahələrdə muzdlu işlərə cəlb edilmə üzrə vasitəçilik fəaliyyəti göstərən şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün xüsusi reyestr hazırlanıb Dövlət Məşğulluq Agentliyinin internet səhifəsinə yerləşdirilmişdir.
Hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə reydlər də davam etdirilərək ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanmışdır. Nəticədə övladlarının təlim tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülmüşdür.
Müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 350 material göndərilmişdir.
Uşaqların sonrakı taleyi ilə bağlı məsələlər, o cümlədən onların hüquqlarının və qanuni mənafelərinin qorunması, bu sahədə aparılan sosial reabilitasiya tədbirləri də diqqətdə saxlanılır. Belə ki, ortaya çıxan problemləri Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, aidiyyəti dövlət qurumları və ixtisaslaşmış qeyri-hökumət təşkilatları həll edirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə “Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi” Qaydası hazırlanmış və yaxın vaxtlarda təsdiqlənəcəkdir.
Cinayət təqibi və qurbanlarla iş
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 202, o cümlədən 156 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar olan 43 cinayət qeydə alınmışdır.
Təhlil göstərir ki, ölkəmizdə insan alveri cinayətləri (202) respublikada qeydə alınan ümumi cinayətlərin (31.131) 0,6 faizini təşkil edir.
Həmin hüquqazidd əməllərə görə başlanılmış cinayət işləri üzrə 15 şəxs (14-ü qadın, 1-i kişi) təqsirləndirilən qismində cəlb olunmuşdur (məsuliyyətə cəlb edilən şəxslərin sayının aşkarlanmış faktlarla müqayisədə az olması - bir insan alverçisinin bir neçə qurbanı istismar etməsindən irəli gəlir və həmin cinayətlərin xarakterik əlamətlərindən biridir).
Bununla yanaşı, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 80, o cümlədən 56 fahişəliyə cəlb etmə və 19 əxlaqsızlıq yuvası saxlama, 5 pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti aşkarlanaraq aidiyyəti şəxslər məsuliyyətə cəlb olunmuş, daha 619 şəxs (qadın) haqqında inzibati tənbeh tədbirləri görülmüşdür.
Axtarışda olan 26 təqsirləndirilən şəxsdən 12-si tutulmuş, xarici dövlətlərdə gizlənən 11 nəfər aşkarlanmışdır.

Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 13 nəfərdən 12-si 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 1 nəfərin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınmışdır.
Hesabat ilində 95 insan alveri qurbanı (94 qadın, 1 kişi) müəyyən edilmiş və həmin şəxslərin hamısı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur.
Qurbanlardan 74-ü cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 12-si Rusiya Federasiyasına, 7-si İran İslam Respublikasına, 1-i Birləşmiş Ərəb Əmirliklərinə aparılmış, 1-i ölkə daxilində məcburi əməyə məruz qalmışdır. Onlardan 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri isə 35-dən yuxarı yaş həddində olmuşdur. Qurbanlardan 74-ü sığınacağa yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilmiş və sosial xidmətlərlə əhatə olunması üçün qeyri-hökumət təşkilatlarına yönləndirilmişdir.
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanlarının Yardım Mərkəzində 85 qurbana psixoloji, hüquqi və tibbi xidmət göstərilmişdir.
Daha 8 nəfəri işlə təmin olunmuş, 23-ü peşə kursuna göndərilmiş, 57-si ailəsinə qaytarılmış, 7-nə şəxsiyyəti təsdiqləyən sənəd almaqda köməkliklər edilmiş və hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilmişdir.
Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 14 uşağın məktəbəqədər təhsil proqramına cəlb olunması, 15-nə doğum haqqında şəhadətnamələrin verilməsi, 9-nun valideyninin müəyyən edilib aliment alması təmin olunmuşdur.
İnsan alveri qurbanlarının xərclərinin ödənilməsinə və sosial reabilitasiyasına Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan alveri qurbanlarına Kömək Fondundan da vəsait ayrılmış və 2021-ci ildə bütövlükdə 103 insan alveri qurbanına və ehtimal olunan qurbanlara maddi yаrdım göstərilmiş, bir əcnəbi qurbanın öz ölkəsinə qayıtması təmin edilmişdir.
Hesabat ilində “152” qaynar xəttin proqram təminatı təkmilləşdirilərək genişləndirilmiş, o cümlədən aidiyyəti olmayan müraciətlərin əlaqədar çağrı xidmətlərinə yönləndirilməsi funksiyası yaradılmışdır.
Ötən il həmin qaynar xəttə xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı daxil olmuş 4506 müraciət araşdırılmış, təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Qarşıda duran vəzifələr
Azərbaycan Respublikasında insan alveri ilə mübarizənin hüquqi müstəvidə aparıldığı son 17 ildə dünya standartlarına uyğun institusional islahatlar, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilmiş, möhkəm qanunvericilik bazası yaradılmış, o cümlədən ölkəmiz insan alverinə qarşı mübarizədə əksər beynəlxalq sənədlərə qoşulmuşdur.
Bu müddətdə 1916 müvafiq cinayət aşkarlanaraq 607 şəxs məsuliyyətə cəlb olunmuş, həmin əməllərin 1165 qurbanı müəyyən edilmişdir.
Sözsüz ki, insan alveri ilə mübarizədə görülməli işlər daha çoxdur. Belə ki, cinayətlərin başqa növləri kimi insan alveri əməllərinin törədilmə forma və metodları daim dəyişdiyindən onların aşkarlanmasının özünəməxsus çətinlikləri də ortaya çıxır.
Son illər həmin qanunazidd fəaliyyətin əsasən internet üzərindən həyata keçirilməsi isə daha böyük səylər tələb edir.
Ölkəmizdə insan alveri cinayətlərinin saytlar üzərindən törədilməsi qeydə alınmasa da, həmin növ cinayətlərin qabaqlanması və aşkarlanması üçün beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin işlənib hazırlanması istiqamətində lazımi iş aparılır. Paralel olaraq insan alveri cinayətlərinin peşəkar təqibi məqsədilə əməkdaşların professional hazırlığının artırılmasına, müasir texnologiyaların tətbiqinə geniş yer verilir.
Qarşıda duran vəzifələrdən biri də bu növ cinayətləri proaktiv müəyyən etmə səylərini artırmaq və əməkdaşlar üçün təlimlər keçirmək, qanunvericiliyin, insan alveri qurbanlarının, xüsusən uşaq qurbanların müəyyən edilməsi indikatorlarının, insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin və qurbanlara kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsidir.

Bundan başqa, insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, qurbanlar üçün sığınacaq və yardım mərkəzlərinə qəbul prosedurlarının sadələşdirilməsi, istehsal və xidmət sahələrində istehlakçıya qədər olan bütün mərhələlərdə insan alveri və məcburi əmək halları ilə bağlı risklərin öyrənilməsi, aşkarlanması, aradan qaldırılması, xüsusi polis qurumunun kadr potensialının gücləndirilməsi, maddi və texniki bazasının yaxşılaşdırılması və s. tədbirlərin icrası da planlaşdırılır.
Hazırda bu istiqamətlərdə fəaliyyət Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun davam etdirilir.

İnsan alveri cinayətlərinin dinamikası

İnsan alveri cinayətlərinin növləri

 

2005-2021-ci illərdə insan alveri cinayətlərinə görə məsuliyyətə
cəlb edilmiş şəxslər

 

2005-2021-ci illərdə insan alveri və məcburi əmək cinayətlərinə görə məsuliyyətə
cəlb edilənlərin cinsi mənsubiyyəti


2005-2021-ci illərdə aşkarlanmış insan alveri qurbanları


İnsan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr

 

 


İctimai mənəviyyat əleyhinə cinayətlər

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48