İnsan Alverinə qarşı Mübarizə Üzrə Milli Koordinator, məruzəçi və ona bərabər şəxslərin görüşü keçirilib

13.06.2023

Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə 2023-cü ilin 06-07 iyun tarixlərində Fransanın Strasburq şəhərində üzv dövlətlərin insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatlarının, Milli Məruzəçilərinin və bunlara bərabər mexanizmlər üzrə fəaliyyət göstərən şəxslərin növbəti görüşü keçirilmişdir. Görüşün keçirilməsində məqsəd iştirakçı dövlətlərin qeyd olunan şəxsləri arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsi olmuşdur.

Hibrid formatda keçirilən iclasda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimov “KUDO” platformasında onlayn qaydada iştirak etmişdir. İclasın gedişində Milli Koordinatoru DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisləri Ramil Kazımov və Samir Qarayev müşaiət etmişlər.

İclasda üzv dövlətlərin nümayəndələri ilə yanaşı Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Sektorunun rəhbəri, həmçinin “İnsan Alverinə Qarşı Mübarizə Haqqında” Avropa Şurası Konvensiyasının Katibliyinin İcraçı Katibi Petya Nesterova, ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə icraçı Koordinatoru Andrea Salvoni və GRETA-nın prezidenti Helga Gayer iştirak etmişlər.
İclasın 06 iyun tarixli 1-ci sessiyasında cinayətkar fəaliyyətə məcbur etmək formasında insan alveri halları ilə qanunvericilik və ölkələrin təcrübəsi müzakirə olunmuş, Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə haqqında qanunvericiliyində təkcə cinayətlə bağlı deyil, digər qanunsuz əməllərə məcbur etmə formasında insan alveri cinayətinə görə məsuliyyətin nəzərdə tutulduğu iclas iştirakçılarının nəzərinə çatdırılmışdır.

Tədbirdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Milli Məruzəçi və digər ekvivalent mexanizmlər müzakirə olunmuş, işçi qruplar üzrə keçirilən müzakirələrdə Azərbaycanda Milli Koordinator institutu, İdarələrarası Komissiya, İşçi Qrupu, xüsusi polis qurumu barədə geniş məlumat verilərək görülmüş işləri iclas iştirakçılarının nəzərinə çatdırılmışdır.
07 iyun tarixdə keçirilmiş iclasın 1-ci sessiyasında əcnəbi insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardımların edilməsi müzakirə edilmiş, iclas iştirakçılarına Azərbaycanda qanunsuz miqrantlar arasından insan alveri qurbanlarının müəyyən edilməsi qaydaları haqqında məlumat verilmişdir.

Qeyd olunan tarixdə iclasın 2-ci sessiyasında insan alveri cinayətləri üzrə maliyyə istintaqının aparılması qaydaları haqqında iştirakçı dövlətlər çıxışlar etmişlər.
Tədbir səmimi və işgüzar şəraitdə keçirilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48