İnsan alveri ilə bağlı məsələlər müzakirə edilib

25.08.2023

Avqustun 22-də “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə əsasən “İnsan alveri ilə mübarizədə diasporaların rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə Diasporalarla iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri, həmçinin bir sıra ölkələrdəki diaspor üzvləri, qeyri-hökumət təşkilatları, ictimai birlik sədrləri və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə iştirak ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan müzakirənin keçirilməsində məqsəd insan alveri ilə mübarizə üzrə sayca 4–cü olan 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planının icrasında iştirakçı tərəflərlə fəaliyyətlərin inkişafı və QHT əməkdaşlığının gücləndirilməsi olub.

Tədbiri Dövlət Komitəsinin aparat rəhbəri açaraq mövzunun əhəmiyyətindən danışmış, Baş nazirin sərəncamı ilə işçi qrupunun yaradıldığını və bir ilə yaxındır bu işlə məşğul olduqlarını qeyd edib.

Daha sonra V.Namənzadə ölkəmizdə insan alverinə qarşı mübarizə fəaliyyəti, qanunvercilik, qurbanların müdafiəsi, diaspor üzvlərinin bu istiqamətdə verə biləcəkləri töhfə mövzularında geniş məlumat verib, bu sahədə tədbir iştirakçılarının sualları cavablandırıb.
Tədbir səmimi və işgüzar şəraitdə keçirilib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48