İnsan alverinin cinayət təqibi

İnsan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir).

İnsan alveri ilə bağlı məsuliyyət

İnsan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

Vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

İnsan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir.

 

İnsan alverindən əldə edilmiş əmlakın müsadirə edilməsi və istifadə olunması

 

İnsan alverindən əldə edilmiş bütün əmlak (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir.

İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə, onların sosial reabilitasiyasına, tibbi və digər zəruri xərclərinin ödənilməsinə yönəldilir.

İnsan alveri qurbanlarına kömək fondunun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. İnsan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

İnsan alveri qurbanlarına dəymiş ziyanın ödənilməsi

 

Məhkəmələr insan alverindən zərər çəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll edirlər.

İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına ödənilir. Bu əmlak kifayət etmədikdə, dəymiş ziyan məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına kömək fondunun vəsaiti hesabına ödənilə bilər.

 

İnsan alveri ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri

 

İnsan alveri ilə bağlı cinayət işlərinə, habelə insan alveri nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə insan alveri qurbanının müraciəti əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.

İnsan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverçiləri tərəfindən onlara təsir göstərilməsinin qarşısının alınması məqsədilə, habelə insan alveri qurbanlarının fiziki və psixoloji vəziyyəti nəzərə alınaraq məhkəmə baxışı zamanı insan alveri qurbanlarına texniki vasitələrdən (telekörpü, videoyazı və s.) istifadə etməklə ifadə vermək imkanı yaradıla bilər.

 

 

İnsan alverinə görə hüquqi şəxslərin məsuliyyəti

 

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

İnsan alveri ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən ona mənsub olan vəsait insan alveri qurbanlarına kömək fondunun hesabına keçirilir.

 

İnsan alveri ilə bağlı cinayətlərə dair Azərbaycan Respublikasının yurisdiksiyası

 

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

 

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardım

 

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

İnsan alveri ilə bağlı cinayət törətmiş şəxslərin verilməsi

 

İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alverinin cinayət təqibi aşağıdakı kimi əks olunmuşdur:

Maddə 144-1. İnsan alveri

 

144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.2. Eyni əməllər:

144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;

144-1.2.2. təkrar törədildikdə;

144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə;

144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;

144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -

səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd:

1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.

2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.

 

Maddə 144-2. Məcburi əmək

 

144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-2.2. Eyni əməllər:

144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;

14-2.2.2. təkrar törədildikdə;

144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır.

 

Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər

 

144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə - iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma

 

316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda – bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48