İnsan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılmış, həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərən, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edən telefon “Qaynar xətt” xidməti (tel: 152 və 562-21-12) 2007-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır. 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

27 oktyabr 2007-ci il tarixli, 590 nömrəli əmri ilə

      təsdiq edilmişdir.

 

İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən telefon “Qaynar xətt” haqqında 

N İ Z A M N A M Ə

 

 1. Ümumi müddəalar.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli, 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”na əsasən hazırlanmış və insan alveri ilə mübarizə və bu növ cinayətdən zərər çəkənlərə yardım məqsədilə məlumat-məsləhət xidməti göstərən telefon “Qaynar xətt”in (bundan sonra “Qaynar xətt”) təşkili, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onun işinə nəzarət qaydalarını müəyyən edir.

- “Qaynar xətt” öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ-hüquqi aktlarını, habelə bu Nizamnaməni rəhbər tutur. 

- “Qaynar xətt”in yaradılması, yenidən qurulması, ləğv edilməsi, vəzifə və funksiyalarının dəyişdirilməsi barədə qərarlar verilməsi, onun strukturu üzrə ştat cədvəlinin təsdiq olunması qanunvericiliklə müəyyən edilmiş qaydada “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.5-ci bəndinə uyğun həyata keçirilir. 

- “Qaynar xətt”in fəaliyyətinin maliyyələşdirilməsi və maddi texniki-təchizatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

 

2. “Qaynar xətt"in təyinatı və funksiyaları.

"Qaynar xətt"in təyinatı insan alveri ilə mübarizə və bu növ cinayətdən zərər çəkənlərə, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərməkdən ibarətdir. 

- "Qaynar xətt"in əsas funksiyaları aşağıdakılardır: 

- İnsan alverinin və onunla bağlı təhdidlərin qarşısını almaq; 

- İnsan alverindən zərər çəkmiş şəxslərə köməklik göstərmək; 

- Xarici ölkələrdə işə düzəlmək, təhsil almaq, istirahət etmək, əcnəbi vətəndaşlara ərə getmək üçün müraciət edənlərə lazımi məsləhətlər vermək; 

- Yaşayış yerindən və sosial statusundan asılı olmayaraq vətəndaşlara telefonla vaxtında və mümkün psixoloji yardım göstərilməsini təmin etmək; 

- Kömək və məsləhət almaq üçün müraciət etmiş hər bir şəxslə etibarlı dialoqu təmin etmək; 

- Müraciətlərin ixtisaslı cavablandırılması və həll edilməsi məqsədilə abonentləri aidiyyəti üzrə istiqamətləndirmək. 

 

3. “Qaynar xətt”in fəaliyyəti.

 - “Qaynar xətt” telefon zənglərini həftənin bütün günləri 24 saat ərzində ödənişsiz qəbul edir və onların konfidensiallığını təmin edir. 

- “Qaynar xətt”in işçisi: 

- Abonentin psixoloji vəziyyətindən asılı olmayaraq etimad doğuran, qayğıkeşlik duyulan tərzdə düzgün, xeyirxahcasına söhbət aparır. 

- Müraciətin motivini aydınlaşdırır. 

- Abonent qərar qəbul etməkdə çətinlik çəkdikdə ona düzgün istiqamət verir.

- Abonentlə birgə ixtilaflı, böhran vəziyyətindən çıxmaq taktikasını işləyir. 

- Zərurət olduqda abonentə mütəxəssisə (psixoloq, hüquqşünas və s.) müraciət etməyi məsləhət görür, müvafiq idarələrin (tibbi, hüquqi, sosial və s.) göstərdiyi xidmət və onların yeri haqqında məlumat verir. 

- “Qaynar xətt”də telefon məsləhətlərinin statistik hesab vərəqələrini tərtib edir, abonent ilə fərdi iş jurnalını aparır. Sənədlər telefon söhbətindən sonra dərhal doldurulur və xüsusi ayrılmış yerdə saxlanılır.

  

4. “Qaynar xətt”in fəaliyyətinin əlaqələndirilməsi və ona nəzarət.

“Qaynar xətt”in fəaliyyətinin müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əlaqələndirilməsi, habelə onların fəaliyyətinə nəzarət insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən həyata keçirilir. 

- İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

- “Qaynar xətt” öz fəaliyyətini insan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə qurur. 

- “Qaynar xətt”in və onun işçilərinin təhlükəsizliyi DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin struktur qurumu tərəfindən həyata keçirilir. 

 

5. “Qaynar xətt”ə rəhbərlik.

“Qaynar xətt”in direktorunun və işçi heyətinin işə təyin və işdən azad edilməsi DİN-in 13 iyul 2006-cı il tarixli, 310 nömrəli əmrinə müvafiq olaraq insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator – Daxili İşlər Nazirinin müavini tərəfindən həyata keçirilir. 

- “Qaynar xətt”ə direktor rəhbərlik edir. Direktor öz səlahiyyəti daxilində: 

- “Qaynar xətt”in fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, işi təşkil edir, üzərinə düşən vəzifə və funksiyaların lazımi səviyyədə yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır. 

- “Qaynar xətt”ə daxil olan məlumatların məxfi saxlanılması ilə bağlı lazımi tədbirlər görür və məxfilik rejiminə riayət olunmasına şəxsən nəzarət edir. 

- Xidməti zərurətlə əlaqədar “Qaynar xətt”in ştatlarında dəyişikliklər edilməsi barədə təkliflər verir.

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48