152
Q a y n a r X ə t t
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “ Q a y n a r x ə t t ” (tel: 152 və 562-21-12) 2007-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır.
152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusilə qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.
“Qaynar xətt"in təyinatı və funksiyaları.
- "Qaynar xətt"in təyinatı insan alveri ilə mübarizə və bu növ cinayətdən zərər çəkənlərə, xüsusilə qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərməkdən ibarətdir.
- "Qaynar xətt"in əsas funksiyaları aşağıdakılardır:
- İnsan alverinin və onunla bağlı təhdidlərin qarşısını almaq;
- İnsan alverindən zərər çəkmiş şəxslərə köməklik göstərmək;
- Xarici ölkələrdə işə düzəlmək, təhsil almaq, istirahət etmək, əcnəbi vətəndaşlara ərə getmək üçün müraciət edənlərə lazımi məsləhətlər vermək;
- Yaşayış yerindən və sosial statusundan asılı olmayaraq vətəndaşlara telefonla vaxtında və mümkün psixoloji yardım göstərilməsini təmin etmək;
- Kömək və məsləhət almaq üçün müraciət etmiş hər bir şəxslə etibarlı dialoqu təmin etmək;
- Müraciətlərin ixtisaslı cavablandırılması və həll edilməsi məqsədilə abonentləri aidiyyəti üzrə istiqamətləndirmək.
“Qaynar xətt”in fəaliyyəti.
- “Qaynar xətt” telefon zənglərini həftənin bütün günləri 24 saat ərzində ödənişsiz qəbul edir və onların konfidensiallığını təmin edir.
- “Qaynar xətt”in işçisi:
- Abonentin psixoloji vəziyyətindən asılı olmayaraq etimad doğuran, qayğıkeşlik duyulan tərzdə düzgün, xeyirxahcasına söhbət aparır.
- Müraciətin motivini aydınlaşdırır.
- Abonent qərar qəbul etməkdə çətinlik çəkdikdə ona düzgün istiqamət verir.
- Abonentlə birgə ixtilaflı, böhran vəziyyətindən çıxmaq taktikasını işləyir.
- Zərurət olduqda abonentə mütəxəssisə (psixoloq, hüquqşünas və s.) müraciət etməyi məsləhət görür, müvafiq idarələrin (tibbi, hüquqi, sosial və s.) göstərdiyi xidmət və onların yeri haqqında məlumat verir.
- “Qaynar xətt”də telefon məsləhətlərinin statistik hesab vərəqələrini tərtib edir, abonent ilə fərdi iş jurnalını aparır. Sənədlər telefon söhbətindən sonra dərhal doldurulur və xüsusi ayrılmış yerdə saxlanılır.
“Qaynar xətt”in fəaliyyətinin əlaqələndirilməsi və ona nəzarət.
- “Qaynar xətt”in fəaliyyətinin müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əlaqələndirilməsi, habelə onların fəaliyyətinə nəzarət insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən həyata keçirilir.
- İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
- “Qaynar xətt” öz fəaliyyətini insan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə qurur.
- “Qaynar xətt”in və onun işçilərinin təhlükəsizliyi DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin struktur qurumu tərəfindən həyata keçirilir.
“Qaynar xətt”ə rəhbərlik.
- “Qaynar xətt”ə direktor rəhbərlik edir. Direktor öz səlahiyyəti daxilində:
- “Qaynar xətt”in fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, işi təşkil edir, üzərinə düşən vəzifə və funksiyaların lazımi səviyyədə yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
- “Qaynar xətt”ə daxil olan məlumatların məxfi saxlanılması ilə bağlı lazımi tədbirlər görür və məxfilik rejiminə riayət olunmasına şəxsən nəzarət edir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48