152
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəsissə - sığınacaq üçün 3 mərtəbəli bina ayrılmış, təmir edilmiş və beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla təchiz edilmiş, 2006-cı ildə ABŞ Səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Nümayəndəliyinin rəhbərlərinin iştirakı ilə açılmışdır.
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır.
Sığınacaqlarda insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir.
Sığınacaq davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq insan alverinin qurbanına onun xahişi ilə 30 gün müddətinə təqdim edilir.
Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun və ya insan alveri qurbanının vəsatəti ilə də uzadıla bilər. Bütün hallarda sığınacağa yerləşdirmə və sığınacaq verilmə müddətinin uzadılması insan alveri qurbanının razılığı ilə həyata keçirilir.
İnsan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilməsi və onların orada saxlanılması “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 16-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.
Sığınacaqlar insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər.
Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada
saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər.
Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
Sığınacaqlarda insan alveri qurbanlarına layiqli həyat şəraitinin yaradılması, onların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, təhlükəsizliyinin, şəxsiyyətinin anonimliyinin qorunması, insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilir.
Sığınacaqlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılır və həmin Nazirliyin tabeliyində olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılan qurumlar kimi fəaliyyət göstərir. Sığınacaqların maddi-texniki təchizatı dövlət büdcəsindən və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48