Avropa Şurasına üzv olan dövlətlərin Lanzarot Komitəsinin 38-ci iclasında iştiraka dair

14.06.2023

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının iştirakçısı olan dövlətlərin nümayəndələrindən ibarət Lanzarot Komitəsinin 2023-cü ilin 30 may – 2 iyun tarixlərində növbəti, 38-ci iclası keçirilmişdir.
Hibrid formatda keçirilən iclasda Avropa Şurasının üzvü olan və konvensiyanı ratifikasiya edən 43 dövlətin nümayəndələri iştirak etmişlər.

İclasda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev onlayn olaraq iştirak etmişdir.
İclasın birinci günündə Ukrayna müharibəsinin nəticəsi olaraq uşaqların cinsi istismara və cinsi zorakılığa qarşı həssaslığının artması məsələsi müzakirə olunmuşdur.
Həmin tarixdə sonrakı müzakirə mövzusu təcrübə mübadiləsi olmuş, tərtib olunmuş gündəliyə uyğun olaraq Birləşmiş Krallığın nümayəndəsi və “İNHOPE” beynəlxalq qeyri-hökumət təşkilatı təqdimatlar etmişlər.

Növbəti gün cinsi fəaliyyət üzrə yaş həddi və uşaqlara qarşı cinsi cinayətlər zamanı müddət məhdudiyyətləri ilə bağlı dövlətlərə verilmiş sorğular nəticəsində əldə edilmiş nəticələr müzakirə olunmuş, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı Konvensiyanın Katibliyi tərəfindən verilmiş suallar Samir Qarayev tərəfindən cavablandırılmışdır.

Qeyd olunan tarixdə növbəti müzakirə mövzusu Konvensiyanın implementasiyası olmuşdur. Bu mövzu ilə bağlı çıxış edən Samir Qarayev konvensiyanın implementasiyası istiqamətində görülmüş iş kimi Azərbaycan Respublikasının 20 dekabr 2022-ci il tarixli Qanunu ilə uşaqların müdafiəsi və onlarla bağlı cinayət təqibinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası qanunlarına edilmiş fundamental dəyişikliklər barədə məlumat vermişdir.

1 iyun tarixində Konvensiyanın implementasiyası istiqamətində üzv dövlətlər tərəfindən görülmüş işlərin müzakirəsi davam etdirilmiş, günün sonunda Ukrayna tərəfi Rusiyanın hərbi müdaxiləsi nəticəsində uşaqların zorakılığa məruz qalması barədə məlumatları təqdim etmişdir.
2 iyun tarixdə Avropa Polis şəbəkəsində yeniliklər barədə təqdimat edilmiş, 2023-cü ildə uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi üzrə Avropa Gününün elan olunması barədə məlumat təqdim edilmiş, “inam çərçivəsi”ndə olan şəxslər tərəfindən uşaqlara qarşı zorakılıq cinayətləri ilə bağlı iştirakçı dövlətlərə veriləcək sorğu layihəsi müzakirə edilmişdir.
Tədbir səmimi və işgüzar şəraitdə keçirilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48