DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları turizm sənayesi nümayəndələri üçün maarifləndirici təlimlər keçirib

31.05.2024

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 27-29 may tarixlərində Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərən 150-dən artıq turizm sənayesi nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edilib.

Təlimlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak edib, “Qanunvericilik, insan alverinə qarşı mübarizə fəaliyyətində qarşılıqlı əlaqənin təşkili və bu sahədə milli fəaliyyət planları” mövzusunda çıxış ediblər.

Turizm sənayesi nümayəndələrinə ölkəmizdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında ətraflı məlumat verilib.

Səmimi və işgüzar şəraitdə keçirilən görüşlərdə turizm sənayesi nümayəndələrini maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48